Bazarın lideri Unileasing şirkəti “ABŞ və Almaniyadan lizinq vasitəsilə sifarişlə avtomobillər, avadanlıq, texnika” yeni layihəsini həyata keçirməyə başlayıb.
Lizinq əməliyyatları departamentinin rəhbəri Hikmət İbrahimovun xəbər verdiyi kimi, yeni layihə çərçivəsində istənilən şəxs ABŞ və ya Almaniyada istehsal edilən lazımi obyekti seçə və onu həmin ölkələrdən lizinq vasitəsilə əldə etmək üçün sifariş verə bilər. Bu yenilik minik avtomobilləri, yük avtomobilləri, tikinti texnikası, sənaye avadanlığı, tibbi avadanlıq və yuxarıda qeyd edilmiş ölkələrin digər istehsal obyektlərini əldə etməyə imkan verir. H.İbrahimov qeyd etdi ki: “Pilot layihənin həyata keçirilməsinə başlayan andan Unileasing şirkətinin mütəxəssisləri tərəfindən 2 milyon dollara yaxın məbləğdə ABŞ istehsalı olan 30-dan artıq minik avtomobili və 10-dan artıq tikinti texnikası, eləcə də məbləği 3 milyon dolları aşmayan Almaniya istehsalı olan sənaye avadanlığı maliyyələşdirilib. Bütün bunlar layihənin yerli bazarda böyük potensiala malik olduğunu göstərir”.
Layihədə iştirak etmək istəyən hər bir şəxs ABŞ/Almaniya istehsalı olan lazımi istehsal obyektini seçərək, onun qeyd olunan ölkələrin ərazisində satış şərtlərini dəqiqləşdirə və RESALE.az (www.resale.az) saytında xüsusi formanı doldurmaqla maliyyələşdirmə üçün sifariş verə bilər.
Qeyd etmək lazımdır ki, 6,5 milyon dollar məbləğində obyektlərin lizinqə verilməsini maliyyələşdirməklə Unileasing lizinq şirkəti 0,5 milyon dollara yaxın məbləğdə mənfəətlə və məbləği 42 milyon dollardan artıq təşkil edən lizinq portfeli ilə birinci kvartalı başa vurmaqla yerli bazarda öz lider mövqeyini bir daha təsdiq etdi.


